Belə çıxır ki, Pənah Hüseyn də qanunsuz baş nazir seçilib
Bu günlərdə Azərbaycan Xalq Partiyasının sədri, Elçibəy hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuş Pənah Hüseyn 14 may 1992-ci il hadisələri ilə bağlı yazdığı növbəti silsilə məqalələrdə Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibova qarşı ittihamlar səsləndirib.
Eks-prezidentin mətbuat katibi Qulu Həsənzadə ilə “Həftə içi” üçün söhbətimizdə həmin ittihamların nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmağa çalışdıq.
- Qulu bəy, Ayaz müəllim son dövrlərdə ölkə mətbuatında çox nadir hallarda görünür. Səhhəti yaxşıdırmı?
- Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun ölkəmizin keşməkeşli taleyi ilə həmahəng çox mürəkkəb, təlatümlü, uzun həyat yolu keçirməsi, təbii ki, sağlamlığında öz izini qoymuşdur. Ayaz müəllim olduqca həssas, eyni zamanda iradəli bir şəxsiyyətdir. Ümumi sağlamlıq durumu normaldır, mövsüm dəyişiklikliyi ilə əlaqədar ara-sıra qan təzyiqi problemləri yaranır ki, bu da daha çox özünün ciddi gün, qida rejiminə riayət hesabına tənzimlənir. Mətbuata gəldikdə isə Ayaz müəllim hər zaman mətbuata açıq şəxslərdən biridir. Ehtiyac duyulduqca mediada, saytlarda, telekanallarda görünür...
- Bəlli olduğu kimi, bu günlərdə sabiq baş nazir Pənah Hüseyn növbəti dəfə eks-prezidentin ünvanına ittihamlar səsləndirib. O, keçmiş dövlət başçısının 14-15 may olayları ərəfəsində guya AXC rəhbərliyindəki bir neçə müxalifətçi məşhur simanı: Tofiq Qasımov, Etibar Məmmədov və Arif Hacılını aradan götürməyə təlimat verdiyini də bildirib…
- Görünür, Pənah Hüseyn son vaxtlar özünü gündəmə gətirmək üçün yollar axtarır. Bunlardan biri də nəinki keçmiş dövlət başçılarına, hətta öz silahdaşlarına böhtan, iftira yaxmaqdır. Onun guya “Arif Hacıyev, Etibar Məmmədov və ya Tofiq Qasımovdan birinin sessiyanın iclasında silahlı şəxslər tərəfindən öldürüləcəyi” barədə yazdıqlarının da heç bir əsası yoxdur və bu, növbəti yalan və cəfəngiyatdır. Çox güman ki, bu söz-söhbət ovaxtkı müxalif liderlərin öz aralarındakı çəkişmələrin nəticəsi olaraq meydana çıxıb...
Birincisi, Ayaz Mütəllibovun hakimiyyəti idarə etmək üslubunda kimlərisə qətlə yetirmək, qan tökmək metodları qətiyyən yer almayıb. P.Hüseynin bəhs etdiyi 14-15 may 1992-ci il olaylarında, eləcə də ondan öncə 5-6 mart hadisələrində onun tutduğu mövqe bunu sübut edir. Yəni həmin hadisələr zamanı o, qanuni dövlət başçısı kimi əlində müqavimət göstərməyə kifayət qədər imkanı olduğu halda ölkədə qardaş qırğınına rəvac verməyib.

İkincisi isə ovaxtkı AXC lider və fəalları yaxşı bilir ki, Ayaz Mütəllibov onların hamısını siyasi üsullarla kənarlaşdırmaq, sovet dövrünün qanunları ilə əsaslandırıb həbs etdirmək fürsəti olduğu halda bunu etməyib. 1990-cı il 20 Yanvar qətliamından bir neçə gün sonra SSRİ DTK sədrinin 1-ci müavini, ordu generalı Filip Bobkov, artıq Mərkəzi Komitənin 1-ci katibi seçilmiş Ayaz Mütəllibovdan tələb edib ki, baş vermiş hadisələrə görə Azərbaycan Xalq Cəbhəsinin bütün rəhbərliyi həbs olunmalı və ümumiyyətlə, həmin təşkilat rəsmən ləğv edilməlidir. Ancaq Azərbaycanın sabiq dövlət başçısı bundan qəti şəkildə imtina edərək Kremlin məşhur rəsmisinə rədd cavabı verib. O, SSRİ lideri Qorbaçov qarşısında tələb qoyub ki, Yanvar hadisələrinə görə Moskvada “Lefortovo” həbsxanasında və digər şəhərlərdəki zindanlarda həbsdə olan Azərbaycan müxalifətçiləri, o cümlədən AXC lider və fəalları azad olunsun.
- Sabiq baş nazir bir daha 14 may hadisələrini “dövlət çevrilişi”, həmin gün növbədənkənar sessiya keçirilməsini tələb edənləri isə “silahlı quldur dəstəsi” adlandırıb. Buna cavabınız nədən ibarətdir?
- Otuz ilə yaxındır, bütün xalq bilir ki, 14 may 1992-ci ildə Ayaz Mütəllibov Ali Sovetin 200-dən çox deputatının tələbi və səsi ilə hakimiyyətə qayıdıb. Tələb isə ondan ibarət idi ki, növbədənkənar sessiya çağırılsın və Xocalı faciəsinin istintaq komissiyasının məruzəsi dinlənilsin. Əgər demokratiyadan söhbət gedirdisə, bu, çox normal hal idi. Bu minvalla həmin sessiya keçirildi və bəhs edilən komissiyanın məruzəsindən də bəlli oldu ki, Xocalı faciəsində Ayaz Mütəllibovun hüquqi yox, mənəvi təqsiri var. Nəticədə Azərbaycan Respublikası Prezidentinin istefa verməsi barəsində Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 6 mart tarixli qərarının etibarsız hesab edilməsi haqqında və Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi barədə Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 25 mart tarixli qərarının qüvvəsini itirmiş hesab edilməsi haqqında qərar qəbul edildi və Ayaz Mütəllibov yenidən məhz həmin 200-dən çox deputatın tələbi ilə hakimiyyətə qayıtdı. Əgər doğrudan da Pənah Hüseynin dediyi kimi, sözügedən deputatların tələbi sayəsində Mütəllibovun hakimiyyətə gəlməsi ilə “dövlət çevrilişi” baş vermişdisə, o halda onların hamısı hüquqi məsuliyyət daşıyır. Bu minvalla düz, 1995-ci ilə qədər həmin deputatların səsi, təklifi ilə parlamentin qəbul etdiyi bütün qərarlar qanunsuzdur. Bu məntiqlə də digər vəzifəyə gələn silahdaşları kimi elə eyni deputatların təklifi, səsi ilə İsa Qəmbərin Ali Sovetin sədri, Pənah Hüseyn də baş nazir seçilməsi qanunsuz sayılmalıdır. Bir sözlə, Mütəllibovu hakimiyyətə gətirən parlament “çevriliş” edibsə, onda Pənah Hüseyn də qanunsuz olaraq baş nazir seçilib. Eyni deputatlar düz, 1995-ci ilədək parlamentin qəbul etdiyi bütün qərarlarda iştirakçı olub...
Dövlət çevrilişini edən isə əslində, elə Pənah Hüseynin də üzvü olduğu məlum komanda idi. Onlar Şuşanın işğalından sonra, artıq Laçının da mühasirədə qaldığı, eləcə də Ermənistanla sərhəd rayonlarda işğalçı ermənilərlə qızğın döyüşlərin getdiyi bir vaxtda məhz hakimiyyəti ələ keçirmək məqsədilə hərbi hissələri döyüş mövqelərindən çıxarıb xalqın etirazı adı altında Bakıya gətirmiş və parlament binasının ətrafına toplamışdılar. Bunu həmin vaxt orada çıxış edən ovaxtkı Müdafiə naziri də demişdi (onun da sonradan Pənah Hüseynlə eyni hakimiyyət komandasında qaldığı məlumdur). Halbuki, hərbi hissənin hansısa siyasi təşkilatın fəaliyyətində iştirakının özü qanunsuzluqdur...
- Deyirsiniz, 14-15 may 1992-ci il hadisələri zamanı siz də Bakıda olmusunuz. Bu olaylar zamanı Pənah Hüseyni etirazçılar arasında gördünüzmü? O günlər onun funksiyası nədən ibarət idi?
- Pənah Hüseyn parlamentə hərbi yürüşdə nəinki iştirak edirdi, hətta öndəgedənlərdən idi. İrəlidə hərbi texnika, silahlı hərbçilər, onların arxasında hərbi yürüşün təşkilatçıları və insanlar... Hüseyn Cavid prospektini keçib, indiki Parlament (ovaxtkı Nərimanov) prospekti ilə irəliləyirdilər. Yəqin ki, AXC-nin qərargahından Ali Sovetin binasına getmək üçün bu marşrutun seçilməsi daha çox insanın cəlb olunması məqsədini güdürdü. Demək olar ki, şəhərin yarısından keçib-gəlmişdilər. Cəbhəçilərin parlamentə yürüşü zamanı bir epizod daha çox yaddaqalan oldu - atişma səhnəsi...
Müdafiə Nazirliyinin qarşısında iştirakçıların önünə bir “Juquli-011” markalı avtomobil çıxdı və insanların üstünə yeridi. Ola bilsin, bu da ssenariyə daxil edilmiş səhnələrdən biri idi. Maşından havaya boş güllələrlə atəş açıldı. Bir dəqiqənin içində prospekt boşaldı, hamı o yan-bu yana dağılışdı, Nazirliyin qarşısındakı agacların, kolların arasına doluşdular. “Juqili”dəkilər yolun açıldığını görüb uzaqlaşdılar. Bir vurhavur düşdü, aləm qarışdı. Hərbçilər də avtomatdan atəşə başladılar, hətta Müdafiə Nazirliyini qoruyan əsgərlər də yerə uzanıb parlament binasına tərəf güllə atmaga başladılar. Bütün bunlar guya qarşı tərəfin – yəni Mütəllibov tərəfdarlarının parlament binası və “Moskva” mehmanxasından atəş açaraq qarşılıq verməsi təsəvvürü yaratmaq və parlamentə silahlı yürüşə haqq qazandırmaq məqsədi güdürdü...
Əsl vurhavur da bundan sonra Ali Sovetin qarşısında oldu. Pillələrdə uzanıb binaya tərəf atəş açan kim, qumbaraatanla vuran kim. Maraqlısı odur ki, binanın içində əks tərəfdən bir adam belə yox idi. Olsa-olsa, parlamentin işçilərindən kimsə var idi... Atəş açanlar, az qala, ovaxtkı “Moskva” mehmanxanasının axırıncı mərtəbəsində çəkiliş aparan jurnalistlərdən birini vurub öldürmüşdülər. Yaxşı ki, əsgər düz nişan almamışdı. Demək olar ki, bir “Kalaşnikov” darağını boşaltdı ora. Sonralar məlum olub ki, onlar ANS-in əməkdaşları imiş, biri də Murşahin...
Həmin vaxt Pənah Hüseyn iki nəfər məşhur müxalifət nümayəndəsi ilə (onlardan biri hal-hazırda dünyasını dəyişib) Müdafiə Nazirliyi binasının səkisinin kənarına çəkilib gözləyirdilər. Xarici görünüşlərindən çox həyəcanlı və narahat olduqları açıq-aşkar bilinirdi. Ətraflarında da hərbi geyimdə sılahlı adamlar var idi. Yəqin ki, mühafizəçiləri idi. Bir müddət sonra Ali Sovetin binası tərəfdən hazırda deputat olan başqa bir məşhur müxalifət təmsilçisi, AXC üzvü qaça-qaça sevinclə Pənah Hüseyngilə tərəf gəlib parlament binasına daxil olduqları müjdəsini verdi. İndiyədək onun sözləri yadımda qalıb: “Bəy, gözünüz aydın olsun, parlamenti aldıq!..” .
Ətrafdakı bir neçə adam da onun bu haylı-küylü gözaydınlığına belə cavab verdi: “Qardaş, nə olub?! Elə bil, Bastiliya qalasını almısınız, Şuşanı azad etmisiniz, öz deputatlarımızın əyləşdiyi parlamentimizdi də...”. Elə bu sözlər də sanki 15 may hadisələrinin əsl mahiyyətinə işarə oldu...
- Ayaz müəllimin Böyük Qayıdış proqramına münasibəti necədir? Hansı tövsiyələri var?
- Təbii ki, Vətənini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı kimi, Ayaz müəllim də bu tarixi gələbəmizi çox böyük sevinc və fərəh hissi ilə qarşıladı. Xalqımız, Ordumuz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, rəhbərliyi ilə tarixi bir qələbəyə imza atdı. Otuz ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın böyük bir hissəsi əsl sahiblərinə qovuşdu, müqəddəs məkanlarımız, məscidlərimiz, ziyarətgahlarımız üfunətdən, sözün həqiqi mənasında, çirkabdan təmizlənərək öz müqəddəslyinə, paklığına qovuşdu. Otuz ildən sonra həmin məkanlara Prezident İlham Əliyevin və onun xanımı 1-ci vitse- prezident Mehriban Əliyevanın əli ilə Müqəddəs Kitabımız Qurani-Kərim çatdırıldı. Bütün bu baş verənlərə sevinməmək mümkün deyil. Bu nailiyyətlərə kölgə salmaq istəyənlər də var, həmişə də olacaq. Həmin bədxahlar yaddan çıxarmasın ki, bu qələbələr şəhid qardaşlarımızın qanı-canı bahasına əldə olunub. Allah bütün şəhidlərimizə rəhmət etsin,yaxlnlarına səbir versin! Qazilərimizə, yaralı hərbçilərimizə tezliklə şəfa diləyirik.